Bakı Şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 227 nömrəli tam orta məktəbin həyətində təşkil olunan tədbir həmrəyliyin nümunəsi, dostluğun zəfəri idi.



Bizi məktəbdən xeyli kənarda çöhrəsinə təbəssüm qonan, yanaqlarına məsudluğun qırmızısı hopan çoxsaylı şagird qarşıladı. Sevinclərindən az qala pərvazlanan balacaların ilk sözü "Məktəbimizə gəlmisiniz?" oldu. Təsdiq mənasında başımı tərpətmək istəyəndə, himə bəndiymiş kimi balacalar bir ağızdan "Məktəbimizdə bayramdır", dedilər. Sonra da əlavə etdilər ki, bəs, məktəbimiz qələbə qazanıb.
Qələbə sözünə sevindim. 44 günlük Haqq savaşından sonra bu ifadə adamı lap dağ başına qaldırır. Bir anlıq da düşündüm ki, görən, balacaların dilindəki qələbə nədən xəbər verir?
Məktəbin ala qapısına çatanda şagirdlərin, valideynlərin və tədbirə marağı olan insan selini görəndə aydın oldu ki, bu tədbir elə fidan balaların dediyi kimi, məktəbin qələbəsidir, zəfəridir.
Məktəb həyətinə daxil olduq. Hər yanda bayram ab-havası insanın iliyinə kimi işləyirdi. Göydə günəş öz şəfəqlərilə tədbir iştirakçılarına salamını yetirirdi. Havanın istiliyi qəlblərdə munislik yaradırdı. Təhsil ocağının – məktəbin sağ tərəfində Azərbaycanın üçrəngli hilalı, sol tərəfində də Braziliya bayrağı dalğalanaraq qonaqlara tədbirin açar sözünü xatırladırdı: "Dostluq münasibətlərini qoruyub saxlayaq".
Ümumiyyətlə, dostluq münasibətlərini bütün xalqların ortaq və mənəvi dəyəri hesab etmək olar. Fəqət, ümumtürk və eləcə də, əski Azərbaycan kültüründə qonaq, dost məfhumu müqəddəs bir anlam kəsb edib. Təsadüfi deyil ki, Azərbaycan ailəsi yaşadığı evin geniş, yaxud darısqallığına baxmayaraq, hər zaman dosta, qonağa qucaq açıb, onun şərəfinə ayrıca otaq ayırıb. Buna el arasında "qonaq otağı" deyərlər.
Bugünkü tədbirdə də məktəbin hər yanı qonaq otağını xatırladırdı. Bir tərəfdə dünya futbolunun əfsanəsi Pelenin xatirəsinə həsr olunan kiçik futbol meydançası, ondan yuxarıda Azərbaycan-Braziliya qardaşlığını əks etdirən rəsm sərgisi, şam ağacları ilə əhatələnən guşədə isə hər iki dövlətin milli mətbəxindən ləziz yeməklər...


Tədbir xəttinin kulminasiya nöqtəsi, daha doğrusu üç nöqtəsi məktəb direktoru Sevinc Hüseynovanın qonaq – cənab səfir Manuel Monteneqroya nəfis toxunuşlu Braziliya bayrağının təqdim edilməsi oldu.

Bədii hissənin açılışı OCEP layihəsi çərçivəsində Azərbaycan və Braziliya dostluğuna həsr olunmuş tədbirin coşqusunu, sevincini daha da artırdı. Deyirlər ki, himn hər bir dövlətin öz dilində səslənir. Bu gün iki dövlətin himni 9 iyun Dostluq günündə, sanki eyni dildə bir-birinə qardaşlığın əbədiliyini arzuladılar...
Birlik rəmzi olan xalq rəqsləri, xüsusilə Səma qrupunun "Azərbaycan" rəqsi, milli xüsusiyyətlərin daşıyıcısı sayılan nağara alətində şagirdlərin ifası tədbirin yaddaqalan elementlərindən oldu. Bundan əlavə şagirdlər yüksək məharətlə Braziliya rəqslərini qonaqlara nümayiş etdirdilər. Yaddaqalan məqamlardan biri də məktəbin ibtidai sinif şagirdlərinin ifasında "Karnaval" və "Sülh nəğməsi" adlı rəqs nümunələri oldu.



Bu gün həm də müstəqil Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıc tarixi – Heydər Əliyevin 1993-cü il iyunun 9-da Bakıya qayıdışı günüdür. "Milli Qurtuluş Günü"müz məhz bu tarixdən keçir. Xalqın Qarabağ zəfəri isə" Qurtuluş Günü"nün nidasına çevrilir...
Zəfərli, qələbəli günlərimizin əbədi olması diləyilə:
Əsgər İsmayılov, xüsusi olaraq "Tehsil.biz" üçün